Yuxarı

Mayakovski adına Moskva Akademik Teatrı Bakıda çıxış edəcək

Noyabrda Rusiyanın məşhur aktyorlarının ifasında iki tamaşa nümayiş olunacaq

Bakı. 15 iyul. REPORT.AZ/ Rusiyanın Mayakovski adına Moskva Akademik Teatrı noyabrın 17-20-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək.

Bu barədə "Report"a Azərbaycan Dövlət Rus Dram Teatrından məlumat verilib.

Səfər Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin "Böyük qastrollar-2016" qastrol proqramı çərçivəsində həyata keçiriləcək.

Rusiyanın nüfuzlu teatrı olan Mayakovski adına Moskva Akademik Teatrı Bakı tamaşaçılarına N.V.Qoqolun "Evlənmə" və Maryus İvaşkyaviçyusun "Rus romanı" tamaşalarını nümayiş etdirəcək. "Evlənmə" tamaşası noyabrın 17 və 18-də, "Rus romanı" tamaşası isə noyabrın 19 və 20-də oynanılacaq.

Serqey Arçibaşevin quruluşunda hazırlanan "Evlənmə" tamaşasında Rusiyanın ən tanınmış aktyorları Svetlana Nemolyayeva, İqor Kostolevski, Zoya Kaydanovskaya, Mixail Filippov, Rasmi Cəbrayılov, Dmitriy Prokofyev, Yevgeni Paramonov, Konstantin Konstantinov, İqor Marıçev, Oksana Kiselyova, Viktor Dovjenko, Andrey Qusev və başqaları çıxış edəcəklər.

Mindauqas Karbayskisin quruluş verdiyi "Rus romanı" tamaşası Lev Tolstoyun həyat və yaradıcılığından bəhs edir. Əsərin qəhrəmanı Lev Tolstoy və həyat yoldaşı Sofiya Andreyevnadır. Həmçinin əsərdə L.Tolstoyun "Anna Karenina" romanının qəhrəmanları görünəcək, bu qəhrəmanlarla L.Tolstoy və onun xanımı arasında incə ürək söhbəti və ünsiyyət qurulacaq. Tamaşada əsas rolları Yevgeniya Simonova, Tatyana Orlova, Aleksey Dyakin, Vera Panfilova, Serqey Udovnik, Yuliya Solomatina, Maya Polyanskaya və başqaları ifa edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi