Yuxarı

"Leyli və Məcnun" müziklinin premyerası olacaq

Müasir janrda hazırlanan poema hip-hop, muğam, meyxana və rep janrlarını özündə birləşdirib

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səda" Tədris Teatrı yeni müziklın premyerasına hazırlaşır.

"Report" xəbər verir ki, dekabrın 25-26-da "Səda" Tədris Teatrında ADMİU tələbələrinin ifasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış müzikl layihəsi təqdim olunacaq.

Layihədə poemanın süjet xəttinin çağdaş dövrümüzə uyğun olaraq təfsir olunması diqqət çəkir. Belə ki, hip-hop, muğam, meyxana və rep janrlarını özündə birləşdirən, müasir şəkildə hazırlanan “Leyli və Məcnun” müziklinin məşq prosesləri iki aydan çoxdur davam edir.

Tələbələr üçün böyük sınaq olan bu tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, musiqi tərtibatçısı aranjiman və bəstəkarı MC Murad kimi tanınan Murad Quliyevdir.

Tamaşada Leyli rolunu ADMİU-nun Musiqi sənəti fakültəsinin IV kurs tələbəsi Aynurə Ədilova, Məcnun rolunu isə Aktyor sənəti fakültəsinin III kurs tələbəsi Əkbər Kərimli ifa edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi