Bakı. 25 avqust. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 20-də Əli Vəlioğlunun "Əsrlərin harayı" dramı əsasında hazırlanmış tamaşa ilə açacaq.
Bu barədə "Report"a Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov məlumat verib.
O bildirib ki, sentyabrın 20-də yeni mövsümün açılışını edəcəyik. Ötən teatr mövsümündə premyerasını təqdim etdiyimiz Əli Vəlioğlunun "Əsrlərin harayı" tamaşası ilə teatr mövsümünü başlayırıq.
Onun sözlərinə görə, tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Yeni mövsümdə teatrda M.F.Axundovun "Hacı Qara" komediyası səhnəyə qoyulacaq. Tamaşaya quruluşu YUĞ Teatrının baş rejissoru Gümrah Ömər verəcək. Həmçinin İtalyan dramaturqu Luici Lunarinin "İki nəfər yeləncəkdə" komediyas Lənkəran Teatrında səhnəyə qoyulacaq. Tamaşaya quruluşu teatrımızın baş rejissoru Tural Mustafayev verəcək.
Xatırladaq ki, Lənkəran Dövlət Dram Teatrı yeni teatr mövsümündə İran İslam Respublikasının Gilan vilayətində fəaliyyət göstərən teatr studiyası ilə birlikdə müştərək tamaşa hazırlayacaq. Qarşılıqlı mübadilə əsasında hazırlanacaq tamaşada Lənkəran Teatrının iki aktyoru çıxış edəcək.
İranın teatr xadimlərinin dəvəti ilə Lənkəran Teatının qonşu respublikaya qastrol səfəri də gözlənilir.