Yuxarı

Kukla Teatrında bu dəfə böyüklər üçün tamaşa hazırlanır

Melodiya adlı tamaşanın quruluşçu rejissoru Qurban Məsimovdur

Bakı. 4 noyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tam yeni və maraqlı bir tamaşanın məşqlərinə start verilib.

"Report" xəbər verir ki, bu dəfə uşaqların sevimli məkanında böyüklər üçün tamaşa hazırlanır.

İdeya müəllifi və rejissoru teatrın baş rejissoru Qurban Məsimov olan səhnə nümunəsi “Melodiya” adlanır. Bütövlükdə ailə dramı olan tamaşa həm canlı plan, həm də cansız əşyaların hərəkətə gətirilməsindən - zivədə asılan qadın və kişi paltarının aktyorların oyununa daxilindən ibarətdir. Beləcə bütün hekayətin məğzini daha çox iki geyim danışır.

Müəyyən dram elementlərinin olduğu sözsüz tamaşada musiqi tərtibatı səhnə işinin əhvalına uyğun olaraq mərhum pianoçu-bəstəkar Vaqif Mustafazadənin əsərləri əsasında qurulub.

Maraqlı ideyası olan tamaşa barədə ətraflı məlumat verən baş rejissor bu nümunə ilə hər bir problemin həllində anlaşmanı və sevgini qabarıq göstərmək istədiyini deyir:

“Aktyorların kuklaları olan bu geyimlər “dilə” gəlməklə sanki böyük bir məhəbbətdən, sevgi hekayəsindən, eləcə də aralarındakı münaqişədən, küskünlükdən, hətta qopmaq, ayrılmaq həddindən danışır. Zivədən asılmış geyimləri tərpədən xəfif külək onları yenidən hərəkətə gətirir və beləcə yatmış hisslər canlanır, onlara sevgilərini, keçmiş gözəl anlarını xatırladır, sanki münasibətləri bərpa edir. Sevgi nağılından sonra zivədən həmin paltarları yığan qadın bir də uşaq geyiminə rast gəlir. Beləcə sehrli dillə qadınla kişi arasındakı problemin məhz uşaq vasitəsilə həll olunduğu və beləcə uşaqların ailələrin səadətində əsas rolu göstərilir”.

Həll etibarilə daha çox festivallar üçün nəzərdə tutulan tamaşanın rəssamı Rəvanə Yaqubovadır. Səhnə işində obrazları Samirə Nəcəfova və Rəhim Rəhimov canlandırırlar.

İnsanlara məhəbbətin hər maneəni aşa biləcəyini, eləcə də uşaqların ailələrin xilasında, biri-birini qəbul etməsində əsas vasitə olduğunu göstərən 45 dəqiqəlik tamaşa noyabrın sonlarında təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi