Yuxarı
    Bağlamaq

    Kukla teatrı mövsümünü başa vurur

    Balacalar “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxacaqlar

    Bakı. 13 iyul. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurur. 

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni tamaşalar, qastrol səfərləri, müxtəlif yerli və beynəlxalq festivallarda iştirak və uğurlu nəticələrlə yadda qalan mövsüm iyulun 16-da başa çatacaq.

    Həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxacaqlar.

    Teatrın truppası və nəzdindəki “Oyuq” tetar-studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan hissələr, musiqi nömrələri və ümumilikdə mövsümə nəzər xarakterli videoçarx nümayiş olunacaq.

    Bu mövsüm teatrın uğurlarında əməyi olan, məhsuldar fəaliyyəti ilə yadda qalan kollektiv üzvləri və studiya fəallarından bir neçə şəxsə müxtəlif nominasiyalarda mükafat və diplomların təqdim olunması da nəzərdə tutulub.

    Yubiley mövsümündə bir sıra uğurlara imza atan teatrın kollektivi iki beynəlxalq festivaldan (XI Beynəlxalq “Muraveynik” və “Orteke” V Beynəlxalq Kukla Teatrları fesivalları) yüksək mükafatla qayıdıb.

    Mövsüm ərzində teatr müxtəlif ideya və mövzularda 6 yeni tamaşa (teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda “Turp” və “Qırmızıpapaq”, Anar Məmmədovun quruluşunda “Pişiyin evi”, “Unudulmuş kukla”, “Yeni il nağılı” və rus bölməsi üçün nəzərdə tutulan “Durna balığı”) hazırlayaraq teatrsevərlərin ixtiyarına verib.

    Bundan başqa, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının baslaca aktyor-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival”ında Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin ifaçılıq nominasiyasında birincisi, autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı nominasiyasında ikincisi seçiliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi