Yuxarı

Hacı İsmayılov: "Qaçaq qocalar" oyun tərzi deyil, yaşam tərzidir

Qaçaq qocalar Türkiyədən mükafatla qayıdıb

Bakı. 15 fevral. REPORT.AZ/ Xalq artisti Cənnət Səlimovanın rəhbərliyi ilə hazırlanan yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Qaçaq qocalar" tamaşasının yaradıcı heyəti Türkiyədə festivalda iştirak ediblər.

"Report" xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının "Rejissor" laboratoriyasının hazırladığı tamaşa Türkiyənin Bozüyük şəhərində keçirilən "Uluslararası Metristəpə Tiyatro Günləri" və Antalya Böyükşəhər Tiyatrosunun təşkil etdiyi "Konuk Tiyatro" adlı festivalda iştirak edib.

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən mətbuat konfransında İttifaqın yaradıcılıq üzrə sədr müavini, xalq artisti Hacı İsmayılov deyib ki, "Qaçaq qocalar" tamaşası 10 gün ərzində 6 dəfə nümayiş etdirilib və türk tamaşaçılarının çox xoşuna gəlib: "Tamaşa var ki, oyun tərzidir, tamaşa da var həyat tərzidir. Bizim tamaşamız həyat tərzi idi. Həyatı, həsrəti, torpaq itkisini əks etdirirdi. Duyğulandırırdı. Buna görə də tamaşaçıların sevgisini qazandı".

Əsərin müəllifi, yazıçı-dramaturq Elçin Hüseynbəyli "Qaçaq qocalar"ın Qarabağ dərdini əks etdirdiyini bildirərək əlavə edib ki, bu tamaşanı Azərbaycanın bir çox teatrları hazırlayıb, oynaya bilər.

Yaradıcı heyətlə görüşdən sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azərpaşa Nemət tamaşada əziyyəti keçən hər kəsi təbrik edib və gələcəkdə də TXİ-nın belə səfərlərə təşkilatçılıq edəcəyini bildirib.

Xatırladaq ki, "Qaçaq qocalar" tamaşası Qarabağ müharibəsindən, Xocalı faciəsindən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyevdir. Tamaşada Kərəm Hadızadə, Bəhruz Əhmədli, Məsumə Babayeva çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi