Yuxarı

Görkəmli rejissor Həsən Seyidbəylinin 95 illik yubileyi qeyd olunacaq

Bu münasibətlə Dövlət Film Fondunda yubiley tədbiri keçiriləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın görkəmli kinorejissoru, ssenaristi, xalq artisti Həsən Seyidbəylinin 95 illik yubileyidir.

"Report" xəbər verir ki, bu münasibətlə dekabrın 25-də Dövlət Film Fondunda tədbir keçiriləcək.

Yubiley tədbirində Həsən Seyidbəylinin sənət dostları, aktyorlar, ailə üzvləri iştirak edəcək.

Xatırladaq ki, Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakı şəhərində anadan olub.

Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutununkinorejissorluq fakültəsində təhsil alıb.

"Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.

"İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. "Kür sahillərində" , "Bizim Astrada" , "Telefonçu qız" povestləri, "Cəbhədən-cəbhəyə" , "İllər keçir" (İ.Qasımovla birgə), "Tərsanə" , "Çiçək" romanları, "Dəniz cəsurları sevir" , "Sən nə üçün yaşayırsan" (hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir.

"Uzaq sahillərdə" (İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib.

Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan verib, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışıb.

Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb.

Həsən Seyidbəyli 1980-ci il iyunun 25-də 60 yaşında dünyasını dəyişib. Bu il onun ölümündən 35 il ötür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi