Yuxarı

Gəncə Dövlət Kukla Teatrının açılış tarixi məlum olub

Ədalət Vəliyev yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Dövlət Rus Dram Teatrında yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirib. "Report" xəbər verir ki, toplantıda nazirliyin müvafiq şöbə və sektorlarının müdirləri, respublikanın teatr-konsert müəssisələrinin rəhbərləri, direktor müavinləri, baş rejissor və bədii rəhbərləri, eləcə də teatrşünas alimlər, Teatr Xadimləri İttifaqının, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbər şəxsləri, bəzi şəhər və rayon mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak edib. 

Müşavirədə respublikanın teatr-konsert müəssisələrini fəaliyyəti, yeni mövsümdə həyata keçiriləcək yaradıcı işlər, eləcədə bəzi struktur məsələləri ətrafında geniş söhbət açılıb. 

Ətraflı çıxış edən nazir müavini Ədalət Vəliyev respublikamızda uğurla həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət və qayğısı barədə danışıb. Son illər ölkə başçısının müvafiq sərəncam və tapşırıqları ilə teatr-konsert müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığı, mədəniyyət sahəsində çalışan insanların, o cümlədən teatr xadimlərinin dövlətin qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, ilk dəfə 2006-cı ildə post sovet məkanında Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" qanun qəbul edilib. Bu qanunla teatr sahəsində çalışan işçilərin əmək haqqı artırılıb, onların sosial müdafiəsi ilə bağlı davamlı tədbirlər

2007-ci ildə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" xüsusi sərəncam imzalanıb. Teatr sənətinin inkişafına dair 2009-2019-cu illər üzrə Dövlət Proqramının qəbul edilməsi və onun icrasına başlanılması bu sahədə böyük inkişafa səbəb olub. Teatrlarımızda yeni tamaşaların hazırlanması, qastrol səfərlərinin sayının artması, binaların əsaslı təmir və bərpa olunması, yeni binaların tikintisi, qaçqınlıq həyatı yaşayan teatrlarımıza daimi istifadə üçün binaların verilməsi, yeni teatr studiyalarının açılması, teatr tamaşa müəssisələrinin nəqliyyat vasitələri və digər zəruri texniki avadanlıqlarla təmin olunması, yaradıcı insanların və bu sahədə çalışanların yüksək dövlət mükafatları, fəxri adlara, tədqaüdlərə layiq görülməsi son illərin uğurlu hadisələrindəndir.

Teatrlarımıza dünyanın tanınmış rejissorlarının, bəstəkarlarının və digər yaradıcı mütəxəssislərin dəvət edilməsi, azərbaycanlı teatr mütəxəssislərinin müxtəlif xarici ölkələrdə kurslara qatılması, teatr sənəti ilə məşğul olan alimlərin əsərlərinin nəşr olunması, 2 cilddən ibarət teatr antalogiyasının hazırlanması, teatr ensiklopediyasının nəşrinə başlanması, "Azərbaycan teatrı dünən, bugün, sabah" teatr portalının yaradılması, teatrlarımızın səhnə geyimləri və digər ləvazimatlarla təmin edilməsi dövlətimiz tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Paytaxtımızda keçirilən beynəlxalq teatr festivalları bu sahədə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın nəticəsi kimi həmin təşkilatlara üzvlük və sair kimi təqdirəlayiq hadisələr Azərbaycan teatrının uğurla inkişafının göstəricisidir.

Teatr-konsert müəssisələrinin fəaliyyətinə geniş nəzər salan nazir müavini böyük nailiyyətlərin olduğunu və Azərbaycan teatrının dünya teatr prosesində öz yerini tutmağa çalışdığını bildirıb. Lakin uğurlarla yanaşı nöqsanlar da üzə çıxır. Bu sahədə müəyyən çatışmazlıqları təhlil edən Ə.Vəliyev problemlərin həlli yollarından danışdı, konkret təkliflərini irəli sürdü.Ədalət Vəliyev bu sahədə, xüsusən son zamanlar kütləvi informasiya vasitələrində yer alan bəzi haqlı və haqsız yazılar haqqında da, fikirlərini bölüşüb. Yaradıcı prosesdə baş verən hər hansı problemin elə teatrın daxilində qarşılıqlı müzakirə və təhlillərlə həll oluna biləcəyini vurğulayıb. 

Sonda 143-cü teatr mövsümünün başlanması ilə bağlı teatr ictimaiyyətini təbrik edən Ə.Vəliyev bu münasibətlə sentyabrın 14-də Gəncə şəhərində gerçəkləşəcək mərasimin əsl teatr bayramı ovqatına köklənəcəyinə əminliyini bildirib. Qeyd olunub ki, həmin gün Gəncə Dövlət Kukla Teatrının da açılışı keçiriləcək. Gəncə Dövlət Dram Teatrının təqdimatında teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesinin tamaşası nümayiş olunacaq.

Yeni teatr mövsümündə bu sahənin bütün təmsilçilərinə uğurlar arzulayan nazir müavini onları işlərində daha məsuliyyətli olmağa və yaradıcı prosesə töhfələr verməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi