Yuxarı

Gənc violin ifaçısı Elvin Xoca Qəniyev daha bir uğura imza atıb - FOTO

Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb

Bakı. 13 may. REPORT.AZ/ Gənc violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev Rusiyanın Novosibirsk şəhərində keçirilən Gənc violin ifaçılarının beynəlxalq müsabiqəsində böyük uğur qazanaraq I dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Elvin Xoca Qəniyev 1997-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub. Musiqiyə böyük marağı olan Elvin kiçik yaşlarından babası, görkəmli violin ifaçısı, dirijor, Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Sərvər Qəniyevlə məşğul olmağa başlayıb. 5 yaşında ilk konsertini verib, 7 yaşında artıq simfonik orkestr ilə İstanbulda “Albert Lonq Hall”da çıxış edib.

2006-cı ildən etibarən E.Xoca Qəniyev Rusiya, Türkiyə, Polşa, İspaniya, İsveçrə və digər ölkələrdə keçirilmiş beynəlxalq müsabiqələrdə dəfələrlə uğurla çıxış edib. Gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və bu kimi nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır.

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elvin Xoca Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb. 2010-cu ildə Roma Papası gənc musiqiçini incəsənət sahəsində uğurlarına görə ordenlə təltif edib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə E.Xoca Qəniyev 2016-cı il Gənclər üçün Prezident mükafatına layiq görülüb.

E.Xoca Qəniyev dünyanın bir çox məşhur dirijorlarının rəhbərliyi altında nüfuzlu simfonik orkestrlərin müşayiəti ilə konsertlərdə çıxış edir. O, Azərbaycan, ABŞ, Albaniya, Almaniya, Avstriya, Belarus, Belçika, Çexiya, Fransa, Gürcüstan, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Qazaxıstan, Misir, Norveç, Polşa, Rusiya, Türkiyə, Yunanıstan və s. ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında, Azərbaycan mədəniyyəti günlərində, mühüm mədəni tədbirlərdə çıxış etmiş, solo konsertlər verib.

Hazırda Elvin Xoca Qəniyev İsveçrənin Kalaidos Tətbiqi Elmlər Universitetinin Musiqi bölməsinin I kurs tələbəsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi