Yuxarı

Gənc Tamaşaçılar Teatrı Xocalı soyqırımına həsr olunmuş tamaşasını nümayiş etdirib

Teatrın təqdim etdiyi Arzu və Murad” tamaşasına əsasən Suraxanı rayon sakinləri baxıblar

Bakı. 26 fevral. REPORT.AZ/ Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstərilib.

Fevralın 26-da isə Xocalı faciəsi qurbanları Dövlət Gənc Tamaşaçılar Teatrında anılıblar. Tədbirdən əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad ediblər. Daha sonra teatrda faciəyə həsr olunmuş tədbir keçirilib. Xocalı faciəsi qurbanları birdəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov bəşər tarixinin ən qanlı qətliamlarından sayılan erməni quldurlarının törətdikləri Xocalı soyqırımı haqqında fikirlərini bölüşüb.

M.Həmidov Xocalı faciəsi qurbanlarının dünyanın hər yerində yad edildiklərini diqqətə çatdıraraq, fevral ayının 22-də “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatının hazırladığı və Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən “Xocalıda qırmızı mələk” tamaşası haqqında məlumat verib.

Çıxışdan sonra “Arzu və Murad” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edib.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi