Gənc Tamaşaçılar Teatrı iki ölkəyə qastrola gedəcək

Gənc Tamaşaçılar Teatrı iki ölkəyə qastrola gedəcək Kollektiv “Dəcəl keçi”, “Hərarətli ürək” və “Dəlinin qeydləri” tamaşasını nümayiş etdirəcək
İncəsənət
17 Aprel , 2017 15:42
Gənc Tamaşaçılar Teatrı iki ölkəyə qastrola gedəcək

Bakı. 17 aprel. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı üç qastrol və bir festivalda iştirak edəcək.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib. 

Teatrın heyəti 3 ayrı-ayrı xarici teatr rəhbərləri ilə imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinə uyğun olaraq aprelin 19-dan 30-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olacaq. Səfər çərçivəsində gənc yazar Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Qastrol çərçivəsində ADGTT-nın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar incəsənət xadimi Mübariz Həmidovun Gürcüstan və Rusiya ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qarşılıqlı səfərlərin şərtlərinə əsasən bu ilin may ayının 5-7-də Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı A.Axmatovanın “Сказка о золотом скакуне”, mayın 19-21-də isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı L.Titova və A.Starotorjskiyin “Королевская корова” tamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış edəcəklər. 

Aprelin 20-dən 27-dək isə teatrın başqa bir qrup üzvü Beynəlxalq Teatr Festivalında iştirak edəcək. İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə Rusiya Federasiyasının Kineşma (İvanov vilayəti) şəhərində keçiriləcək “Hərarətli ürək” klassik rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə Azərbaycanı təmsil edəcəklər. 

Qeyd edək ki, teatrın aktyoru, əməkdar artist Şövqi Hüseynovun ifasındakı tamaşa artıq bir neçə beynəlxalq teatr festivalında uğurla iştirak edərək xüsusi diplom və mükafatlara layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi