Yuxarı

"Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesinin açılışı olub

Biennale noyabr 5-dən 10-dək davam edəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında "Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesinin açılışı olub.

"Report" xəbər verir ki, Biennale noyabr 5-dən 10-dək davam edəcək.

"Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesi açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Nazir çıxışında bildirib ki, bəzən kukla sənətinə çox sadə yanaşırlar: "Amma Bakıda keçirilən bu biennale əsl yaradıcılıq nümunəsidir". Daha sonra Ə.Qarayev qırmızı lenti kəsib və bienallenin açılışını edib. Eyni zamanda fərqlənən kukla rəssamlarına diplom və mükafatlar verilib.

Son 25 il ərzində təsviri incəsənət növləri arasında bir dünya mədəniyyəti irsi olaraq kukla özünün tam hüquqlu bir incəsənət növü olmasını getdikcə daha çox bəyan edir. Əsası oyun və teatral növlərdən qaynaqlansa da sanki yenidən yaranmaqla o, bədii kuklaya çevrilir və digər incəsənət növləri arasında öz layiqli yerini tutur. Bu gün məşhur kukla ustalarının işləri nəinki bir sıra ölkə rəhbərlərinin şəxsi kolleksiyalarında, həmçinin dünyanın ən yaxşı muzey və qalereyalarında saxlanılır. Hal-hazırda bədii kuklaların təxminən iyirmi istiqaməti mövcuddur və bunların arasında klassik, interyer, konseptual, kukla art-obyekt kimi, feşn-kuklatreş-kukla, reborn, remplikant, qotik və s.-ləri vardır. Təkcə incəsənət aspektindən deyil,eləcə də texniki nöqteyi- nəzərdən müxtəlif təsnifatların siyahısı hər zaman artır.

Biennalenin adı olan “Fusion” sözü bir neçə mənaya malikdir. Bir caz termini kimi şərq və qərb musiqilərinin birləşməsi mənasını verir ki, onun da ifası zamanı həm qədim, həm də müasir alətlərdən istifadə olunur. Bu sözün başqa bir mənası memarlıqda eklektikaya tətbiq olunur. Beləliklə, Bakının möhkəm caz ənənələrini və memarlığının eklektikasını özündə birləşdirərək “Fusion” termini kukla incəsənətinin müxtəlif fərqli növlərinin nümayiş olunması üçün çox mükəmməl şəkildə uyğun gəlir.

"Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi - dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.

Azərbaycanı Bakı tamaşaçılarının artıq çox sevdiyi və bütün Cənubi Qafqazda yeganə olan “Art KUKLA” Qalereyası təmsil edəcək. Məşhur kukla rəssamları Pərviz Hüseynov və İrina Qundorina öz əsərlərini təqdim edəcək. Bunlar, fəlsəfi məna ilə dolu olan, əlində silah əvəzinə öz gücü ilə bütün bəşəriyyətə qarşı dura bilən yazı üçün lələk tutan əsgər “Sahə mirzəsi” əsəri və əgər ona inanılsa istənilən əşyanın sehirli ola biləcəyi fikrini yada salan “Milad alması” adlı bədii kukladır.

Geniş diapazonda kiçik heykəllərin istedadlı müəllifi Tamilla Qurbanova məhz “Fusion Doll” üçün qadın mövzusunda kuklalar hazırlayıb.

Qeyd edək ki,tədbirə giriş yalnız dəvətnamə ilə, qalan günlərdə isə sərbəst olacaq.

5 gün davam edən biennaledə 7 ölkənin - Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyadan olan kukla ustaları iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi