Yuxarı

"Ərtoğrul 1890" filminin qala gecəsi olub - FOTO

Film Yaponiya və Türkiyənin dostluğundan bəhs edir

Bakı. 24 fevral. REPORT.AZ/ Nizami Kino Mərkəzində Yaponiya və Türkiyənin müştərək istehsalı olan yeni "Ərtoğrul 1890" filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tarixi janrda çəkilən filmin təqdimat mərasimində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Türkiyə və Yaponiyanın Azərbaycandakı diplomatik korpuslarının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas türk və ingilis dilində qonaqları salamlayaq, film haqqında məlumat verib. 

Bundan sonra Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edib və filmin nümayişi başlayıb. 

Qeyd edək ki, 2015-ci ildə rejissor Mitsutoshi Tanakanın tarixi dram janrında çəkdiyi filmdə Kenan Ece, Shioli Kutsuna, Seiyo Uchino, Alican Yücesoy, Uğur Polat, Mehmet Özgür, Tamer Levent, Melis Babadağ, Murat Serezli, Deniz Oral, Naoto Takenaka, Hakkı Haluk Cömert rol alıb.

Filmin mövzusu Yaponiya və Türkiyə arasında dostluğun möhkəmlənməsində böyük rol oynayan iki gerçək tarixi hadisə haqqındadır. Filmdə 1890-cı ildə Yapon dənizi sularında batan Osmanlı savaş gəmisi “Ərtoğrul”un qəmli hekayəsi və yaponların gəmi heyətini qurtarmaq cəhdləri, eyni zamanda, 1985-ci ildə İran-İraq müharibəsi zamanı Tehranda çarəsiz qalan 215 yapon vətəndaşının Turqut Özalın səyi nəticəsində "Türk Hava Yolları" vasitəsilə xilasından bəhs edilir.

Yaponiya heyətinin İstanbula ziyarətindən sonra Osmanlı gəmisi olan "Ərtoğrul" 1889-cu ildə Yaponiyaya gedir. "Ərtoğrul" Yaponiyadan geri dönmək üçün yola çıxanda qayalıqlarla toqquşur və 681 nəfər suya qərq olur. Gəmidən cəmi 69 nəfər sağ qalır, yaralılar sahilə çaxanda yapon kəndliləri onları qonaq edir. İllər sonra türk-yapon dostluğuna ithaf olaraq qəzanın yaşandığı yerdə abidə inşa edilir.

1985-ci ildə İran-İraq müharibəsində Səddam Hüseynin əmriylə Tehran hava limanının 24 saat içində bağlanacağı elan edilir. Buna görə də Yaponiyadan başqa bütün ölkələr təyyarələrini göndərib öz vətəndaşlarını Tehrandan çıxarır. Bunu öyrənən həmin dövrün baş naziri Turqut Özalın təlimatıyla İrana verilən vaxtın bitməsinə az qalmış pilot Əli Özdəmirin idarə etdiyi Türkiyə təyyarəsi Tehrandakı 215 Yaponiya vətəndaşını xilas edir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi