Yuxarı

Əməkdar artist Fərqanə Qasımova "Nəva" muğamını təqdim edib

Səyavuş Kərimi: Bu günədək Nəva muğamının instrumental ifaları olsa da, tam olaraq muğam şəklində təqdim edilməyib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Konservatoriyasında əməkdar artist Fərqanə Qasımovanın ifasında "Nəva" muğamının təqdimat mərasimi keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə xalq artistləri Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, tanınmış musiqiçi və xanəndələr istirak ediblər.

Mərasimi Azərbaycan Milli Konservatoriyasının rektoru, əməkdar incəsənət xadimi Səyavuş Kərimi açaraq "Nəva" muğamının ilk dəfə geniş ifada təqdim olunacağını bildirib: "Bu günədək "Nəva" muğamının instrumental ifaları olsa da, tam olaraq muğam şəklində təqdim edilməyib". 

Daha sonra xalq artisti Alim Qasımov konsert iştirakçılarını salamlayaraq, qızına və bütün ansambl üzvlərinə xeyir-dua verib: "İnanıram ki, bu konsertdən sonra muğam həvəskarı olmayanlar da muğamı sevəcək". 

Çıxışlar yekunlaşdıqdan sonra əməkdar artist Fərqanə Qasımovanın konserti başlayıb. 

Konsertdə Fərqanə Qasımovanı azərbaycanlı musiqiçilərlə yanaşı, İrandan gəlmiş ney ifaçısı Davud Qaffarzadə və tonbak dəf ifaçısı Behrang Padir müşayiət edib. Qədim Azərbaycan aləti olan soğur musiqi alətində Şamil İsmayılov çıxış edib.

Xatırladaq ki, "Nəva" muğamı Azərbaycan muğamları içərisində unudulmuş muğam dəsgahı hesab edilir. Belə ki, bu muğam uzun illərdir ifa edilmir.

Qeyd edək ki, muğamın geniş tamaşaçı kütləsi üçün nümayişi oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi