Yuxarı

Əliheydər Ələkbərovun 100 illik yubileyi qeyd olunub

Azərpaşa Nemət: Əliheydər Ələkbərov xatırlanmağa, xatırlatmağa dəyərli olan rejissor, insan idi

Bakı. 3 fevral. REPORT.AZ/ Akademik Milli Dram Teatrında mərhum rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

"Report" xəbər verir ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Tədbiri Akademik Milli Dram Teatrının direktoru xalq artisti Azərpaşa Nemət açaraq bildirib ki, Əliheydər Ələkbərov haqda fikirlərini bölüşüb: "O, hamımızın yaxından tanıdığı, şəxsiyyətinə, sənətinə hörmət etdiyimiz rejissor və gözəl insan idi. Əliheydər Ələkbərovla birlikdə kurs keçmişik. Onun kursunda təhsil alan tələbələr bu gun Azərbaycan teatr sənətində ən tanınmış aktyorlardır. Əliheydər Ələkbərovla ailəvi yaxınlığımız da olub. Rəhmətlik çox təvazökar, həssas insan idi. Əliheydər Ələkbərov xatırlanmağa, xatırlatmağa dəyərli olan rejissor, insan idi". 

Xalq artisti, rejissor Ağakişi Kazımov deyib ki, Əliheydər Ələkbərov ustad rejissor idi: "Təəssüf ki, indiki nəsil ƏIiheydər müəllimi o qədər tanımır, onun yaradıcılığına bələd deyil. Amma onu görmək, onunla çalışmaq mənə qismət olub. Onun ən böyük insani keyfiyyəti ürəyi genişliyi idi. Hər kəsə, bütün cavanlara kömək edərdi".

Bundan başqa, xalq artisti Hacı İsmayılov, əməkdar artist Əli Nur Əliheydər Ələkbərov barəsində xoş sözlərini söyləyiblər.

Tədbir boyunca səhnədən Əliheydər Ələkbərovun quruluş verdiyi tamaşalardan parçalar videoçarxda tamaşaçılara təqdim edilib. Cəfər Cabbarlının "Almaz", İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşalarından parçalar nümayiş olunub.

Qeyd edək ki, Əliheydər Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaş­masında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var.

O bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib.

Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov), "Haradasan, ay subaylıq?" (Salam Qədirzadə və Süleyman Ələsgərov), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun, "Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu",  "Hacı Qara" (Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında, libretto müəllifi Şəmsi Bədəlbəyli, bəstəkarlar Vasif və Ramiz Mustafayev), "Keçmişin məişət səhnələri" (Mirzə Ələkbər Sabirin şeirləri əsasında, librettonun müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) musiqili komediyaları repertuarda daha uzunömürlü olub.

Əliheydər Ələkbərov Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" operettasına 1966-cı ildə Bolqarıstanın Şumen şəhərindəki türk teatrında quruluş verib. Əliheydər Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyli adına dövlət mükafatına layiq görülüb.

1967-ci ildə filarmoniyada fəaliyyət göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru olub. Azərbaycan Televiziyasında bir neçə əsərə quruluş verib.

1965-ci ildən Azəbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib.

Əliheydər Ələkbərov 1975-ci il martın 3-də vəfat edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi