Əlibaba Məmmədovun 85 illik yubileyi keçirilib

Əlibaba Məmmədovun 85 illik yubileyi keçirilib Beynəlxalq Muğam Mərkəzində konsert proqramı olub
İncəsənət
7 Fevral , 2015 09:27
Əlibaba Məmmədovun 85 illik yubileyi keçirilib

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, "İstiqlal" ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun 85 yaşı tamam olub. Bu münasibətlə fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində "Unudulmaz nəğmələrin gecəsi" adlı konsert proqramı keçirilib.

"Report" xəbər verir ki, konsertdə Əlibaba Məmmədovun tələbələri və Muğam Müsabiqəsinin keçmiş iştirakçıları çıxış ediblər.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edib və ustad xanəndəyə növbəti yubileylərini də belə sağlam, gümrah keçirməyi arzulayıb.

Siyavuş Kərimi bildirib ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan radiosunun "qızıl fondu"nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılarını muğam ifaçıları bu gün də sevərək ifa edirlər.

Yubilyarın şərəfinə təşkil edilən konsert proqramında İlkin Əhmədov, Babək Niftəliyev, Arzu Əliyeva, Rəvanə Ərəbova, Güllü Muradova və başqaları çıxış ediblər.

Yubiley gecəsinin sonunda Əlibaba Məmmədov gənc tələbələrinə və gecədə iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi