Yuxarı

DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş etdirilib

DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş etdirilib
© Report

Bakı Bələdiyyə Teatrının yaradıcısı, xalq artisti mərhum Amaliya Pənahovanın ideya müəllifi olduğu “Şanlı vətən” tamaşası nümayiş olunub.

“Report” xəbər verir ki, səhnə əsəri Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim etdirilib.

“Şanlı vətən” tamaşası Azərbaycan Xalq Cümhuriyyətindən (AXC), Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-daşnaq işğalından azad etməsindən, AXC parlamentinin 100 illik yubileylərindən, həmçinin təməli ümummilli lider Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulmuş “Dostluq körpüsü”nün Azərbaycan və Türkiyənin hazırkı prezidentləri tərəfindən uğurla davam etdirilməsindən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

M.Fərzəlibəyov “Report”a açıqlamasında bildirib ki, tamaşa AXC-nin 100 illiyinə həsr olunub: “Amaliya xanım sağlığında məni yanına çağırıb dedi ki, belə bir pyesin tamaşaya qoyulmasını istəyirəm. Biz də onun təklifi əsasında bu tamaşanı səhnələşdirdik. Tamaşa bizim şanlı tariximizdən bəhs olunur. Ümid edirəm ki, bu tamaşaya baxanlar Azərbaycanın tarixi keçmişi haqqında bəzi məlumatlara yiyələnəcəklər”.

Tamaşanın müəllifi Çingiz Ələsgərli “Report”a deyib ki, Amaliya Pənahova ideya müəllifi olduğu “Şanlı vətən” tamaşasını izləyə bilməyib: “Amaliya Pənahova bu pyesin ilk tamaşasında iştirak etmək istəsə də, təəssüflər olsun ki, dünyasını dəyişdi. O, bu tamaşanın bütün məşqlərində müntəzəm iştirak edirdi. Hətta ilk tamaşanı telefon vasitəsilə də izləyib. Tamaşada 5 qız və 5 oğlan aparıcılar var. Onlar aparıcılıqla yanaşı, tamaşada rol alan obrazları da oynayırlar”.

Tamaşada Əhməd Cavad, Şükrüyyə, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Nəsib bəy Yusifbəyli, Süleyman bəy, Nuru Paşa, Nəriman Nərimanov və Şəfiqə xanım obrazlarında müxtəlif çıxışlar nümayiş olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi