Yuxarı

Dövlət Musiqili Teatrı hesabat yayıb

I Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində teatrda 15 tamaşa nümayiş etdirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı I Avropa Oyunlarının keçirildiyi müddətdə teatrda nümayiş etdirilən tamaşalarla bağlı hesabat yayıb.

Teatrdan "Report"a verilən məlumata görə, xüsusi olaraq I Avropa Oyunları ilə əlaqədar təşkil olunan repertuara əsasən 17 gün ərzində Musiqili Teatrda 15 tamaşa nümayiş olunub. Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub.

İyunun 11-dən 28-dək Musiqili Teatrda “Ər və arvad”, “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Skapenin kələkləri” (J.B.Molyer), “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov), “Fransızsayağı qarnir” (M.Kamoletti) və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya Federasiyası, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya və başqa dövlətlərdən gəlmiş əcnəbilər də olub.

Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da – “Düyməcik” (Q.X.Anderson), “Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts), “Bir dayan canavar” (R.Ağayeva, A.Xayt, A.Kurilyanski) – qonaqlar yüksək fəallığı ilə diqqət çəkiblər. 

Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib ki, tamaşalardan sonra teatr rəhbərliyi və yaradıcı kollektivlə söhbət edən qonaqlar Musiqili Teatrın unikal binasına, burada yaradılmış şəraitə heyran qaldıqlarını xüsusi olaraq vurğulayıblar: "Azərbaycanda keçirilən I Avropa Oyunları dünya idman tarixində möhtəşəm bir səhifə oldu. Sülhün, dostluğun və birliyin rəmzi olan bu Oyunlar Azərbaycan mədəniyyətinin təbliği baxımından da çox mühüm rol oynadı və nəinki Avropada, hətta bütün dünyada mədəni irsimizə böyük maraq yaratdı".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi