Direktor: "Qanunvericiliyin zəifliyi ölkəyə kino sahəsi ilə bağlı böyük vəsaitin gəlməsinin qarşısını alır"

Direktor: "Qanunvericiliyin zəifliyi ölkəyə kino sahəsi ilə bağlı böyük vəsaitin gəlməsinin qarşısını alır" "Azərbaycanın kino xidmətçisi kimi dünyada aparıcı dövlətə çevrilməsinin tərəfdarıyıq"
İncəsənət
12 Aprel , 2016 14:48
Direktor: Qanunvericiliyin zəifliyi ölkəyə kino sahəsi ilə bağlı böyük vəsaitin gəlməsinin qarşısını alır

Bakı. 12 aprel. REPORT.AZ/ "Azərbaycanfilm" kinostudiyası tərəfindən təkcə 2014-cü ildə dünyanın 50 dövlətində Azərbaycanın filmləri nümayiş olunub. Keçən il isə filmlərin çəkiliş sayı azalıb. Proses göstərir ki, biz kino vasitəsilə böyük işlər görə bilsək də, istehsalçı kimi qanunvericilikdə ciddi problemlər var". "Report"un məlumatına görə, bunu "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında yeni hazırlanan "Kinematoqrafiya haqqında" qanun layihəsinin ilkin müzakirəsində çıxışı zamanı deyib.

Direktor xatırladıb ki, hazırda ölkədə çoxlu sayda özəl studiyalar yaranıb: "Əsas problem isə filmin istehsalından vergi verməkdir. Təsəvvür edin ki, gənc uşaqlar bir araya yığışıb hansısa film çəkir və öz vəsaitləri hesabına vergi verirlər. Onlar sıxışdırıldıqdan sonra nəticədə özəl studiyaların, yaradıcı atmosferin və kino sahəsinin inkişafının qarşısı alınır. Təklif edərdim ki, filmin istehsalından yox, onun satışından, yayımından vergi ödənilsin. Belə olarsa, bu sahədə bir çox irəliləyişlərə nail ola bilərik. Misal olaraq, keçən il Azərbaycana Gürcüstan tərəfindən qeyri-rəsmi olsa da, 1 milyon dollar icarəyə pul ödənilib".

O, həmçinin qeyd edib ki, kino texnologiyasında bahalı avadanlıqlardan istifadə olunur: "Lakin lizinqə gedib banklarla danışdıqda həmin texnikanın üzərinə 36 faiz vergi ödənilməsi tələb edilir. Bizim 2 milyona çəkmək istədiyimiz kino vergi ilə birgə 3 milyona gəlib çıxır. Bunu da dövlətdən istəyə bilmərik, çünki kino çox gəlirli sahədir.

Misal çəkə bilərəm ki, təkcə keçən il "Azərbaycanfilm" kinostudiyası ilə əməkdaşlıq etmək üçün dünyanın 8 aparıcı beynəlxalq kino şirkəti ölkəmizdə film çəkmək istəyib. Bu da təbii ki, Azərbaycana milyonlarla vəsaitin gəlməsi deməkdir. Lakin bizdə mövcud olan qanunun zəifliyi ölkəyə böyük vəsaitin gəlməsinin qarşısını alır ki, bu da kino turizminin inkişafına mane olur. Ona görə də bu sahədə lazım olan işlərdə bizə müəyyən güzəştlər tətbiq olunmalıdır. Ən əsas da texnikanın alınması üçün bu güzəştlər olmalıdır. Vergilər Nazirliyindən maraqlansaq, kino sahəsindən əldə olunan verginin çox aşağı olduğunun şahidi olarıq.

Digər problem isə bu sahəyə xarici şirkətlərin sərmayə yatırmaması məsələsidir. Halbuki, bu sahə çox gəlirli sahədir. Eyni zamanda, Azərbaycan bu gün kino sahəsinə lazım olan atmosferə sahib ölkə kimi dünyanın aparıcı şirkətlərinin maraq obyektindədir. Biz əsas milli filmlərimizin müştərək çəkilməsində və Azərbaycanın kino xidmətçisi kimi dünyada aparıcı dövlətə çevrilməsinin tərəfdarıyıq".

Komitənin sədri Rafael Hüseynov isə M.Hətəmovun təklifinə cavab olaraq əlavə edib ki, yeni layihənin geniş müzakirəsi olan zaman İqtisadiyyat, Maliyyə, Vergilər nazirlikləri və Gömrük Kömitəsinin nümayəndələri Milli Məclisə dəvət ediləcək: "Baxmayaraq ki, onlardan rəy alırıq, lakin yenə də bunun ətrafında ciddi müzakirələr olmalıdır. Əgər kino sahəsindən əldə olunan gəlirin çox olmasını istəyiriksə, o zaman onun istehsalına daha çox diqqət yetirilməlidir. Belə olan təqdirdə bu iş cavabsız qalmayacaq. Çünki kinonun məhsulu dövlətin xəzinəsinə, büdcəyə öz müsbət təsirini göstərmiş olacaq".

Son xəbərlər

Orphus sistemi