Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO

Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO Üzeyir Hacıbəylinin ev muzeyində keçirilən tədbirdə "Əbədi ezamiyyət" filmindən parçalar nümayiş etdirilib
İncəsənət
2 Fevral , 2016 16:45
Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO

Bakı. 2 fevral. REPORT.AZ/ Üzeyir Hacıbəylinin Ev-muzeyində görkəmli salnaməçi, jurnalist, tərcüməçi Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyi münasibətilə "Uzeyir bəyin qardaşı, sirdaşı və məsləkdaşı" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Əhməd Ağdamskinin oğlu Telman Ağdamski, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri Üzeyir Hacıbəylinin Ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov açaraq Ceyhun bəy Hacıbəyli barədə fikirlərini bölüşüb. S.Fərəcov bildirib ki, C.Hacıbəyli qardaşı Üzeyir bəyə şərqin ilk operasının yaranmasında yaxından kömək edib, hətta "Leyli və Məcnun" operasında aktyor kimi çıxış edib.

Sonda Ceyhun bəy Hacıbəylinin həyat yolunu əks etdirən "Əbədi ezamiyyət" filmindən parçalar nümayiş etdirilib.

Xatırladaq ki, Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada anadan olub. O, Azərbaycandan mühacirət etməmişdən əvvəl "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirib. Həmin dövrdə "İttihat" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.

C.Hacıbəyli Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanları ilə əməkdaşlıq edib, "La Revul des Deux Mende" adlı jurnallarda çalışıb, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olub.

"Azadlıq" radiostansiyasının Azərbaycan xidmətinin yaradıcılarından sayılan C.Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilib.

C.Hacıbəyli 1962-ci ildə dünyasını dəyişib. Parisdə dəfn olunub.

Son xəbərlər

Orphus sistemi