Yuxarı

Bu gün görkəmli aktyor Səyavuş Aslanın yubileyidir

Sənətkarın 80 yaşı tamam olur

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, "Şərəf" ordenli Səyavuş Aslanın yubileyidir.

"Report" xəbər verir ki, ölməz sənətkarın 80 yaşı tamam olur.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə təsdiq olunmuş yubileylər planına uyğun olaraq, sentyabrın sonunda Səyavuş Aslanın 80 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək.

Xatırladaq ki, realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Daram Teatrında çalışıb.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olub. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri olub.

1984-cü ildə xalq artisti Məlik Dadaşovun quruluş verdiyi Sabit Rəhmanın "Nişanlı qız" komediyasında Mindilli obrazını ifa etmək üçün Akademik Milli Dram Teatrına dəvət edilib. Həmin tamaşanın uğurlu taleyi və ürəyində olan Dram Teatrında çalışmaq istəyi onu həmişəlik bu teatra bağlayıb.

O, Milli Dram Teatrının səhnəsində biri-birindən maraqlı obrazlar yaradıb. Aktyorun Milli Dram Teatrının səhnəsində ifa etdiyi son rolu Otia İoselianinin "Kaş araba aşmayaydı!" tamaşasında Aqabo Boqveradze obrazı olub.

Səyavuş Aslan "Azərbaycanfilm" kinostudiyası və Dövlət Televiziyasının çəkdiyi yüzlərlə film və tamaşalarda zəngin obrazlar qalareyası yaradıb.

Görkəmli sənətkar 2013-cü il iyunun 27-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi