Yuxarı

"Bizim Kino Günləri" başlayıb

Məqsəd Azərbaycan filmlərini təbliğ etməkdir

Bakı. 20 noyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində "Bizim Kino Günləri-Audiovizual Məkanda Peşəkarlıq” adlı tədbirin açılışı keçirilib. 

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkil etdiyi tədbir Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinoda peşəkarlıq məsələlərinə həsr olunub.

Layihənin ideya müəllifi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov tədbiri açaraq Azərbaycan kinosunun hazırkı vəziyyətindən danışıb. O qeyd edib ki, peşəkarlara diqqət yetirmək, Azərbaycan kinosunun ətrafında peşəkar insanları toplamaq lazımdır: "Bizim devizimiz də budur. Tamaşaçılar, elə jurnalistlər də soruşurlar ki, yeni filmlərimə harda baxaq, nə vaxt baxaq. Məhz bu sualları cavablandırmaq, tamaşaçılarımızı intizarda saxlamamaq üçün belə tədbir keçirmək qərarına gəldik. Son illər çəkilən Azərbaycan filmləri 52 beynəlxalq festivalda nümayiş etdirilib, mükafatlar qazanılıb. Biz çalışırıq ki, xaricdə yaşayan kino adamlarını Azərbaycana cəlb edək, onlarla birgə iş görək".

Tədbirin rəsmi hissəsindən sonra media nümayəndələri üçün rejissor Asif Rüstəmovun çəkdiyi "Axınla aşağı" filmi nümayiş etdirilib. 

Tədbirin növbəti mərhələlərində daha üç görüşün keçirilməsi və kino sahəsinə dair fikir mübadiləsi aparılması nəzərdə tutulub.

Qeyd edək ki, dekabrın 8-dək davam edəcək "Bizim Kino Günləri" çərçivəsində filmlərin nümayişi “Nizami Kino Mərkəzi”, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi