Bakıda “Qazaxıstan üzərində günəş və neonlar” adlı sərgi açılacaq

Bakıda “Qazaxıstan üzərində günəş və neonlar” adlı sərgi açılacaq Sərgidə Qazaxıstanın 16 rəssamının əl işləri təqdim olunacaq
İncəsənət
1 İyun , 2017 09:43
Bakıda “Qazaxıstan üzərində günəş və neonlar” adlı sərgi açılacaq

Bakı. 1 iyun. REPORT.AZ/ YARAT Müasir İncəsənət Məkanında Qazaxıstanın tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq. 

Bu barədə "Report"a İncəsənət Məkanının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qazaxıstan üzərində günəş və neonlar” adlı sərgi iyunun 7-dən oktyabrın 29-dək davam edəcək və 16 rəssamın əl işləri nümayiş etdiriləcək. 

Qazaxıstan üzərində günəş və neonlar sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva və Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviski və Rufi Cenrbekova kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə yeni fəaliyyətə başlayan Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymanova, Aleksandr Ugay və Qayişa Madanovanın yeni yaradılan əsərlərini bir araya gətirəcək.

Sərginin başlıca məqsədi, onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir.

Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, əks və ya ifadə etməklə, milli tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır. Qazaxıstan üzərində günəş və neonlar – bu landşaft və şəhər mənzərələri, tarix və dövlət quruculuğu ilə yaxından məşğul olan rəssamların, o cümlədən şəhər həyatının qapalı reallığına tab gətirən, öz şəxsi həyatlarına və fərdi emansipasiyalarına bağlı olan nəslin sərgisidir.

Son xəbərlər

Orphus sistemi