Yuxarı

"Bakı 2015"ə görə Bakıya gələn qonaqlar Gənc Tamaşaçılar Teatrında tamaşaya baxıblar

Müsyo Jordan və dərviş Məstəli şah və Pəri Cadu əcnəbilərin çox xoşuna gəlib

Bakı. 22 iyun. REPORT.AZ/ I Avropa Oyunlarını izləmək üçün Bakıya gələn xarici ölkə nümayəndələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olublar və teatrda xüsusi olaraq turistlər və qonaqlar üçün hazırlanan M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" və Ə.Haqverdiyevin "Pəri Cadu" tamaşalarına baxıblar. 

Bu barədə "Report"a Dövlət Gənc Tamaşaçılar Teatrından məlumat verilib. 

Məlumatda qeyd olunub ki, ABŞ, Meksika, İtaliya, Türkiyə, Çin və Pakistandan gəlmiş turistlər tamaşadan sonra təəssüratlarını bölüşüblər.

Əcnəbi qonaqlar I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, Bakının füsunkar gözəlliyi, insanların istiqanlılığı haqqında xoş sözlər söyləyiblər. Onlar tamaşalardakı milli koloritə, aktyorların peşəkar ifasına, səslənən canlı muğam parçalarına heyran olduqlarını xüsusi qeyd ediblər.

İtaliyalı jurnalist, qonaqlar və turistlər teatrın direktoru, əməkdar artist Mübariz Həmidovla söhbətlərində Azərbaycan haqqında təəssüratlarını bölüşərək teatr binasının dizaynının yüksək zövqlə qurulduğunu da vurğulayıblar.

Qeyd edək ki, I Avropa Oyunları ilə bağlı əcnəbi qonaqlar üçün nəzərdə tutulan tamaşaların nümayişi iyun ayının 29-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi