Yuxarı

Akademik Milli Dram Teatrının yeni bədii rəhbəri: “Teatrın kollektivi söz verdi ki, artıq söz-söhbət olmayacaq”

“Çox adamı sevindirəcəyik”

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təyinatım yeni olduğundan, nələr edəcəyim barədə uzun-uzadı açıqlama vermək düzgün olmaz. Əslində, görəcəyim işlər bəllidir. Hazırda teatrda bir neçə tamaşa hazırlanır. Təbii ki, bu tamaşaların hazırlanmasında mənim bədii rəhbər və baş rejissor kimi münasibətim hiss olunmalıdır, görünməlidir. Bu, mənim işimdir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni təyin edilmiş bədii rəhbəri və baş rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti Azərpaşa Nemət deyib.

O, teatrın kollektivi tərəfindən yaxşı qarşılandığını bildirib: "Çox sevinirəm ki, bizim bir-birimizə yaxşı münasibətimiz var. Söz-söhbətlər olub və hər şey bitib. Teatrın kollektivi ilə söhbət etmişik. Söz veriblər ki, artıq belə söhbətlər olmayacaq. Biz Milli Teatrın kollektivi ilə Allahın köməkliyi ilə bir çox işlər görəcəyik. Təbii ki, görəcəyimiz çox iş var. Mənim üzərimə düşən məsuliyyət, həm də teatrın bütün kollektivinin üzərinə düşür. Bu teatrın başında mən dayanmışamsa, bu, mənim üçün böyük məsuliyyətdir. Mən bədii rəhbər və baş rejissor kimi hər aktyoru düşünürəm və düşünəcəyəm. Biz həmişə bir yerdə olacağıq və maraqlı teatr kimi çox adamı sevindirəcəyik" .

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi