Azərbaycanın xalq artistinə “Dünya Vətəndaşı” mükafatı verilib

Azərbaycanın xalq artistinə “Dünya Vətəndaşı” mükafatı verilib Tanınmış rejissor Firudin Səfərov 40 ilə yaxındır Daşkənddə fəaliyyət göstərir
İncəsənət
7 İyul , 2016 13:15
Azərbaycanın xalq artistinə “Dünya Vətəndaşı” mükafatı verilib

Bakı. 7 iyul. REPORT.AZ/ Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın xalq artisti, dövlət mükafatı laureatı Firudin Səfərova “Dünya Vətəndaşı” mükafatı verilib.

“Report”un xəbərinə görə, F.Səfərovu bu ada UNESCO - Strategiya 2014-2021 illərdə qlobal vətəndaşlığın formalaşdırılması proqramı, Yunanıstandakı Dünya Fəlsəfə Forumu (DFF) və Afina şəhərindəki Sokrat Fəlsəfə Məktəbi (SFM) layiq görüb.

DFF-nun Fəxri Prezidenti, SFM-nin rektoru Evanqelos Mutsopulosun imzası ilə soydaşımıza göndərilən sertifikatda deyilir ki, Səfərov Firudin Səttar oğlu beynəlxalq vətəndaş biliklərinə yiyələndiyi və peşəsinin ustası olduğu üçün “Dünya Vətəndaşı-21-ci əsr” yüksək beynəlxalq statusu daşımağa layiq görülür.

Qeyd edək ki, Daşkəndə köçməzdən əvvəl F.Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib, bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib.

Tanınmış rejissor 40 ilə yaxındır Daşkənddə fəaliyyət göstərir. O, Bakı və Daşkənd teatrlarında 70-dən çox müasir və klassik opera tamaşalarına quruluş verib.

Firudin Səfərovun 70 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi