Yuxarı

Azərbaycan milli geyimlərinin sərgisi açılıb

I Avropa Oyunları ərəfəsində açılan sərgi 2 həftə davam edəcək

Bakı.10 iyun. REPORT.AZ/ “Park Bulvar” ticarət və əyləncə mərkəzində Azərbaycan milli geyimlərinin sərgisi açılıb. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb. 

Məlumatda qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi “Bakı-2015” I Avropa Oyunları ərəfəsində “Azərbaycan milli geyimləri sərgisi” adlı layihəyə start verib. 

Layihənin məqsədi I Avropa Oyunları zamanı Azərbaycana gələcək turistlərdə milli geyimlər, adət-ənənələr və ölkənin mədəniyyəti haqqında əyani təsəvvür yaratmaqdan ibarətdir. 
Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov layihənin “Bakı 2015” I Avropa Oyunları ərəfəsində Azərbaycanın milli irsinin tanıdılmasına xidmət etdiyini deyib.

Tədbir milli rəqs nümunələrinin nümayişi ilə davam edib.
Qeyd edək ki, layihə çərçivəsində 20-dən artıq milli qadın, kişi və uşaq geyimləri, kəlağayılar, papaqlar, milli geyimlərin təsvir olunduğu 10-dan çox tablo nümayiş olunur. Sərgiyə giriş ödənişsizdir və hər bir ziyarətçi istədiyi milli geyimdən istifadə edərək fotoşəkil çəkdirə bilər.

Azərbaycan milli geyimlərinin həmçinin müxtəlif ictimai yerlərdə, hotellərdə, mədəniyyət ocaqlarında nümayiş etdirilməsi nəzərdə tutulub. Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə ətraflı məlumat veriləcək.

Sərgi 2 həftə davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi