Yuxarı

Azərbaycanın əməkdar artisti Berlin Opera Teatrında konsert verəcək

Orkestrə Donald Runnikls dirijorluq edəcək

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Berlin Opera Teatrında Almaniya AIDS Fondunun Böyük Qala Operasında çıxış edəcək.

"Report" xəbər verir ki, D.Əliyevanın çıxışı noyabrın 7-nə nəzərdə tutulub. Orkestrə Donald Runnikls dirijorluq edəcək.

D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib.

O, Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İohan Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını yaradıb. Konsertlərdə isə D.Əliyeva Azərbaycan və rus xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.

Tədbir barədə məlumat Berlin Opera Teatrının saytında da yer alıb. Qeyd olunub ki, artıq 22-ci dəfədir ki, Almaniya AIDS Fondunun Böyük Qala Operası Berlin Opera Teatrında keçirilir. Bu xeyriyyə tədbiri paytaxtın sosial-mədəni həyatında mühüm tədbirlər sırasındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi