Yuxarı

Azərbaycanda “Xoşbəxt olun” adlı yeni film çəkilib

Ailə-məişət mövzulu tragikomik filmdə qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən yaranan mənəvi-psixoloji problemlər ön plana çəkilib

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanda “Xoşbəxt olun” adlı yeni film çəkilib.

"Report" xəbər verir ki, film Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbəsi Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” adlı hekayəsinin motivləri əsasında ekranlaşdırılıb. 

Ailə-məişət mövzulu tragikomik filmdə qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən yaranan mənəvi-psixoloji problemlər ön plana çəkilib.

Müəllif 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin gülüş obyektinə çevrilən və buna görə özünü bədbəxt hiss edən atanın dramını sarkazmla ekrana köçürə bilib.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Könül Vəlibəylidir.

Filmdə əsas rolları Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, əməkdar artist Sevinc Sarıyeva, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov, Aybəniz Bağırova , Gülnarə Abdullayeva ifa edir.

Çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda baş tutan film beynəlxalq festivallara göndəriləcək. Ekran işinin yaxın vaxtlarda yerli kino nümayişi də nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi