Azərbaycan “Şərq təranələri” beynəlxalq musiqi festivalında təmsil olunacaq

Azərbaycan “Şərq təranələri” beynəlxalq musiqi festivalında təmsil olunacaq Festival avqustun 25-30-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək
İncəsənət
21 Avqust , 2015 19:35
Azərbaycan “Şərq təranələri” beynəlxalq musiqi festivalında təmsil olunacaq

Bakı. 21 avqust. REPORT.AZ/ Avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərində "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. "Report" xəbər verir ki, festivala Azərbaycan da dəvət olunub.

Qeyd edək ki, festival iki ildən bir keçirilir və bu nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edir. Builki festivalın açılışında YUNESKO-nun baş katibi İrina Bokova və Özbəkistan prezidenti İslam Kərimovun iştirakı gözlənilir.

Azərbaycan musiqiçiləri "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında daim uğurlu iştirak ediblər. Tanınmış müğənnilərimiz Alim Qasımov, Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əskərov və Arzu Əliyevanın çıxışları yüksək qiymətləndirilmiş və onlar ən yüksək mükafatlara layiq görülüblər. Bu il "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında ölkəmizi Azərbaycanın əməkdar artisti, tanınmış gənc xanəndə Təyyar Bayramovun rəhbərlik etdiyi "Buta" musiqi qrupu təmsil edəcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yaydığı xəbərə görə, iki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il 10-cu yubiley tədbirləri festivalın açılış mərasimində geniş qeyd olunacaq.

Yubiley tədbirlərinə fəxri qonaq kimi festivalın ilk illərində qran-pri mükafatına layiq görülmüş müğənnilər dəvət alıb.

Azərbaycandan yubiley tədbirlərində "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalın ilk 1-ci iştirakçısı və festivalın qran-pri mükafatına layiq görülmüş (1997) xalq artisti Simarə İmanova fəxri qonaq kimi iştirak edəcək. 

Festivalın açılışı avqustun 25-də olacaq və tədbir çərçivəsində "Ən yaxşı milli musiqi və musiqi alətlərini ifa edənlər" arasında müsabiqə, habelə elmi-nəzəri konfrans da keçiriləcək. 

Qeyd edək ki, festival çərçivəsində keçiriləcək konfransda Azərbaycandan musiqişünas alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi