Yuxarı

Azərbaycan rəqqasları Fransanın Kle-Soyi şəhərində çıxış edib

​Azərbaycan rəqqasları Fransanın Kle-Soyi şəhərində çıxış edib

Fransanın Kle-Soyi şəhərində beynəlxalq Novruz günü münasibətilə Azərbaycan milli rəqslərindən ibarət konsert keçirilib.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, şəhər meriyası və Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Parisdə Azərbaycan Evinin dəstəyi ilə keçirilən tədbir Andre-Malraux mərkəzində baş tutub.

Konsertdə Kle-Soyi şəhərinin meri İves Albarello, ADA prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı, bu şəhərdə fəaliyyət göstərən assosiasiyaların nümayəndələri, meriyanın işçiləri, şəhər əhalisi və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən mer İves Albarello Azərbaycan mədəniyyəti, incəsənəti, memarlığı, təbiəti haqqında konsert iştirakçılarına ətraflı məlumat verərək, İçəri şəhər, Heydər Əliyev adına muzey, Alov qüllələrindən danışıb, ölkəmizin ənənəvilik və eyni zamanda müasirliyi tərənnüm etdiyini vurğulayıb. Mer Azərbaycanda olduğu zaman insanpərvər, qonaqpərvər bir xalqı kəşf etdiyini bildirib.

ADA prezidenti Jan-Fransua Mansel tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, qonşu Ermənistanın torpaqlarımızın 20 faizini işğal etdiyini bildirib. Jan-Fransua Mansel fransız xalqının çox dəyər verdiyi dünyəviliyin Azərbaycanda xüsusi böyük yeri olduğunu, millətindən, dinindən asılı olmayaq insanların birgə mehriban bir şəraitdə yaşadıqlarını bildirib. Jan-Fransua Mansel qonaqlara sülh, dostluq, qardaşlıq bayramı olan Novruz haqqında da ətraflı məlumat verib.

Qonaqlar Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimizə böyük maraqla tamaşa ediblər. Ansanblın solistləri əməkdar artistlər Ceyhun Qubadov və Viktoriya Şahmuradovadır.

Azərbaycan və Fransa bayraqları konsertin sonunda ansamblın üzvləri tərəfindən səhnədə qaldırılıb, iki ölkə arasında dostluq rəmzi kimi birlikdə dalğalandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi