Yuxarı

Azərbaycan filmi beynəlxalq mükafat qazanıb

İnikas filmi mükafa Qırğızıstanda layiq görülüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi IV "Qırğızıstan – Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Bu barədə "Report"a "Azərbaycanfilm" Kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.

Festivala göndərilən 300 qısametrajlı ekran əsəri arasından seçilərək “Beynəlxalq Müsabiqə Proqramı”nda yarışmağa vəsiqə qazanan və 13 filmdən biri olan “İnikas” S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin tələbəsi Ayşad Səfərəliyevin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan diplom işidir.

Qısametrajlı bədii film SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.

Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova canlandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi