Yuxarı

​Azərbaycan bəstəkarı Kanadada konsert verib

Konserti 200 nəfərə yaxın tamaşaçı izləyib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Oktyabrın 24 və 25-i tarixlərində Kanadanın Toronto şəhərində Azərbaycanın xalq artisti, dünya şöhrətli bəstəkar və pianoçu Firəngiz Əlizadənin “Oyan!” adlı konserti olub.

Azərbaycanın Kanadadakı səfirliyindən "Report"a verilən məlumata görə, sözügedən konsert Toronto şəhərində fəaliyyət göstərən “Saşar Zərif Rəqs Teaterı”nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərifin, Ağaxan Muzeyinin və səfirliyin dəstəyi ilə təşkil edilib.

Konsertin əvvəlində F.Əlizadə pianoda solo ifa etdikdən sonra, gənc muğam ustası Mirələm Mirələmov, “Bakı 2015” Avropa Oyunlarının bağlanış mərasimində çıxış etmiş kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əlizadənin bəstələdiyi əsər səhnələşdirilib. Əsərdə Saşar Zərif Azərbaycan musiqisinin sədaları altında Azərbaycan rəqslərini nümayiş etdirib. Həmçinin konsert zamanı “Oyan!” əsərinin yaranması haqqında qısa sənədli film göstərilib. Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyət və muğam ənənələrini Kanadada təbliğ etməkdən ibarət olub.

Tədbirdə Azərbaycann Kanadadakı səfirliyinin konsulu Faiq Babayev də iştirak edib. O, səfirlik adından Firəngiz Əlizadəyə xüsusi minnətdarlığını bildirdikdən sonra ona Təşəkkür Diplomunu təqdim edib.

Konsertdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar və KİV nümayəndələri iştirak edib. İki gün davam edən konserti ümumilikdə 200 nəfərə yaxın tamaşaçı izləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi