Yuxarı

Aşıqlar Birliyi iki nominasiyada mükafat verəcək

İlin aşığı və İlin ustad aşığı adlı müsabiqə keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycan Aşıqlar Birliyinin gələcək planında aşıq sənəti ilə bağlı bir neçə maraqlı layihələr yer alıb. Bunlardan ən birincisi hər aşıq sənətiylə bağlı olan müsabiqələrin keçirilməsidir".

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı bildirib. 

Onun sözlərinə görə, hər il Novruz bayramı ərəfəsində "İlin ustad aşığı" və "İlin aşığı" nominasiyaları üzrə aşıq müsabiqəsi keçiriləcək: "Hər il Novruz bayramı ərəfəsində "İlin ustad aşığı" nominasiyasında 3 aşığa mükafat verəcəyik. Həmin nominasiyaya uyğun olaraq, döş nişanı da hazırlanacaq. Seçilən 3 aşığa xüsusi plaket və pul mükafatı təqdim ediləcək. Bu nominasiyada 35-60 yaş arası olan aşıqlar iştirak edəcək. "İlin aşığı" nominasiyasında il ərzində daha fəal olan aşıqlara 5 nominasiya üzrə mükafat veriləcək. Gənc aşıqlarımızı da yaddan çıxartmamışıq. 5 mükafat da gənclərə ayrılacaq. Gələcəkdə "İlin gənc aşığı" nominasiyası üzrə mükafat təltif etməyi düşünürük. Belə müsabiqələr, müxtəlif nominasiyalar aşıqlara fəal sənət həyatında stimul olacaq və aşıq sənətinin inkişafına təkan verəcək". 

Məhərrəm Qasımlı əlavə edib ki, gələcəkdə paytaxtda bölgə aşıqları hesabat konserti ilə çıxış edəcək: "Azərbaycanda əvvəllər belə tarixi ənənə var idi. Bölgə aşıqları Bakıya gələr və hesabat xarakterli konsertlər verərdilər. Son illər bu ənənə pozulub. Aşıqlar Birliyi bu zəruri ənənəni yenidən bərpa edəcək. Hər dəfə bir bölgəmizi təmsil edən aşıqlar paytaxtda konsert proqramı ilə çıxış edəcək"

Xatırladaq ki, professor Məhərrəm Qasımlı Aşıqlar Birliyi İdarə Heyətinin qərarıyla Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi