Yuxarı
    Bağlamaq

    AMEA: YUĞ Teatrının yerləşdiyi bina tarixi abidədir və sökülməsinə müsbət rəy verilməyəcək

    Bölmə rəhbəri: Teatrın yerləşdiyi bina AMEA-nın rəyi olmadan sökülə bilməz

    Bakı. 21 yanvar. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyası Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsindəki YUĞ Dövlət Teatrının yerləşdiyi binanın sökülməsinə müsbət rəy verməyəcək".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mədəniyyət və memarlıq institutunun Tarixi abidələri qoruma və bərpası problemləri bölməsinin rəhbəri Rahibə Əliyeva deyib.

    O bildirib ki, teatrın yerləşdiyi hamam tarixi bina olduğu üçün AMEA-nın rəyi olmadan sökülə bilməz: "YUĞ Dövlət Teatrı söküntü ərazisinə daxil edilib. Azərbaycan ərazisində yerləşən bütün abidələr Milli Elmlər Akademiyasının rəyi olmadan sökülə bilməz. Hazırda akademiyaya qeyd olunan ərazidə yerləşən 11 abidənin sökülməsinə rəy verilməsi ilə bağlı müraciət edilib. Onların içində YUĞ Teatrının yerləşdiyi hamam binası da var. Həmin binalara baxış keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası abidələri qoruyur, bu səbəbdən də onların sökülməsinə icazə verə bilməz. Məsələnin başqa tərəfi isə odur ki, həmin ərazidə aparılan söküntü işləri dövlət proqramı əsasında aparılır".

    R.Əliyeva qeyd edib ki, AMEA Azərbaycan ərazisində qorunan abidələrlə bağlı siyahı tərtib edib, hazırda söküntüsü nəzərdə tutulan abidələr də bu siyahıya daxildir: "Nazirlər Kabineti bu siyahını təsdiq edib. İndi isə müraciət ediblər ki, YUĞ Teatrının sökülməsinə rəy verək. Söküləcəkdisə, onda biz niyə abidəni siyahıya daxil edirdik?! Biz YUĞ Teatrının sökülməsinə müsbət rəy verə bilməyəcəyik. "Azəryolservis"ə cavab olaraq bildirilib ki, yolun çəkilişi ilə bağlı başqa bir alternativ variant axtarsınlar. Çünki akademiya yol çəkilişi üçün abidələrin sökülməsinə müsbət rəy verməyəcək. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə söhbət aparılıb. Onlara "Azəryolservis"lə aparılan danışıqlar barədə məlumat verilib. Təbii ki, son qərarı Nazirlər Kabineti verəcək. Onların hansı qərarı verməsindən asılı olmayaraq, Azərbaycan Milli Elmlər Akademiyası bu məsələyə etiraz edir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi