Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub

Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub İkihissəli məzhəkənin rejissoru Şərif Qurbanəliyevdir
İncəsənət
13 May , 2015 11:10
Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub

Bakı. 13 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrında  yeni tamaşanın premyerası keçirilib. 

"Report" xəbər verir ki, yazıçı-dramaturq Rəhman Əlizadənin "Laləli düzən" adlı ikihissəli məzhəkəsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Şərif Qurbanəliyevdir. Bu, rejissorun teatrda ilk yaradıcılıq işidir.

"Laləli düzən" məzhəkəsinin quruluşçu rəssamı, dövlət mükafatı laureatı, xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Rəqslərin quruluşu Lalə Hacıyevanındır.

Rollarda xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Tünzalə Əliyeva, Ələsgər Məmmədoğlu, Aslan Şirin, Sevinc Əliyeva, aktyorlar Rəşad Bəxtiyarov, Rövşən Kərimduxt, Ramin Şıxəliyev, Əlvida Cəfərov və başqaları çıxış edir.

"Laləli düzən" tamaşasının premyerasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. 

Uzun illərdir televiziyada rejissor kimi fəaliyyət göstərən Şərif Qurbanəliyev "Bala başa bəla", "Yarımştat", "Mükafat" və s. tamaşalara quruluş verib. O, "Bala başa bəla" tamaşasında Hacı Hacısoy rolunu oynayıb. Teatrda ilk dəfə tamaşa hazırlayan rejissor, işindən zövq aldığını deyib: "Mənim Akademik Milli Dram Teatrına dəvət edilməyim direktor İsrafil İsrafilovun xidmətidir. Mərhum Rəhman Əlizadənin yaradıcılığı ilə əvvəldən tanış idim. Amma bu əsəri ilk dəfə burada oxudum və çox bəyəndim. Mənə bu əsəri hazırlamaq tapşırıldı".

"Laləli düzən" tamaşasında baş rolu əməkdar artist Tünzalə Əliyeva ifa edir. Aktrisa məxsusi bu rolu oynamaq üçün Akademik Milli Dram Teatrına dəvət edilib. Həm tamaşa, həm də Milli Dram Teatrındakı abu-havası Tünzalə Əliyevanın xoşuna gəlib. Aktrisa deyib ki, əgər dəvət alsa, Dram Teatrına birdəfəlik gəlməyə hazırdır: "İlk dəfədir bu teatrın səhnəsində oynayıram. Burada çıxış etmək çox xoşuma gəldi. Gələcəkdə dəvət alsam, burada işləməyə böyük məmnuniyyətlə gələrəm. Teatrın kollektivi məni çox gözəl qarşıladı. Mən onları, onlar da məni qəbul etdilər".

Xalq artisti Cəfər Namiq Kamal hesab edir ki, yeni tamaşa tamaşaçıların diqqətini cəlb edəcək: "Maraqlı tamaşadır. Müzikl janrındadır. Həm oxuyuruq, həm də rəqs edirik. Şərif Qurbanəliyevlə çalışmaq hər birimizə zövq verdi. Gərək çoxdan teatra gələydi. Uzun illər televiziyada çalışıb. Amma onun əsl məkanı teatrdır". 

Qeyd edək ki, mərhum dramaturq Rəhman Əlizadənin "Laləli düzən" əsəri ilk dəfə Gənclər Teatrında müəllifin özünün quruluşunda tamaşaya qoyulub.

Son xəbərlər

Orphus sistemi