Akademik Milli Dram Teatrı mövsümə yeni tamaşanın premyerası ilə yekun vurub

Akademik Milli Dram Teatrı mövsümə yeni tamaşanın premyerası ilə yekun vurub “Nağıllar aləmində” tamaşasının premyerası keçirilib
İncəsənət
3 İyul , 2015 10:55
Akademik Milli Dram Teatrı mövsümə yeni tamaşanın premyerası ilə yekun vurub

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünə yeni hazırlanmış “Nağıllar aləmində” tamaşasının premyerası ilə yekun vurub.

"Report" xəbər verir ki, tamaşa xalq nağılları əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.

Gənclərin iştirakı ilə hazırlanan tamaşada Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızı papaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) iştirak edirlər. Bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.

Tamaşanın nümayişindən sonra xalq artisti Ramiz Novruz səhnəyə qalxaraq, sənət dostu Bəsti Cəfərovanı və tələbələrini təbrik edib. R.Novruz Azərbaycan teatrının səhnəsinə yeni istedadlı gənclərin gəldiyini bildirib.

Qeyd edək ki, tamaşada əsas rollardan birini xalq artisti Bəsti Cəfərovanın qızı Fidan Cəfərova oynayır.  

Son xəbərlər

Orphus sistemi