Yuxarı

Ağdam Xalçaçılıq Fabriki fəaliyyətini dayandırıb

Buna səbəb Bərdə xalçaçılıq sexində müvəqqəti məskunlaşan məcburi-köçkünlərin yeni mənzillərə köçürülməsidir

Bakı. 2 iyul. REPORT.AZ/ Ağdamın işğalından sonra uzun illərdir ki, fəaliyyətini Bərdə xalçaçılıq sexində davam etdirən qədim toxuculuq fabriki bağlanıb. Bu barədə "Report"a "Ağdam Xalçaçılıq" İstehsalat Birliyinin rəhbəri Ceyran Əliyeva məlumat verib.

Onun sözlərinə görə, toxuculuq müəssisəsinin bağlanmasına səbəb Bərdə xalçaçılıq sexində müvəqqəti məskunlaşan məcburi-köçkünlərin yeni mənzillərə köçürülməsidir: "20 ildən çoxdur ki, bir necə işçi ilə fəaliyyət göstərirdik. Toxucular yeni qəsəbələrə köçürüldüyündən fabrikdə işçi problemi yarandı. Bu sahə böyük zəhmət tələb etdiyindən və əmək haqqı da az olduğundan yeni işçilər tapmaq mümkün olmadı".

C.Əliyeva qeyd edib ki, Ağdamın Quzanlı qəsəbəsində Qarabağ xalçalarının istehsal olunacağı sexin tikilməsi nəzərdə tutulub.

Qeyd edək ki, əvvəllər Qarabağ xalçaları Ağdam Xalçaçılıq Fabrikində, həmçinin onun Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda və digər rayonlardakı filiallarında toxunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi