​10 Mart - Azərbaycanda Milli Teatr Günüdür

​10 Mart - Azərbaycanda Milli Teatr Günüdür Bu tarixin əsası XIX əsrin 70-ci illərində qoyulub
İncəsənət
10 Mart , 2015 08:52
​10 Mart - Azərbaycanda Milli Teatr Günüdür

Bakı. 10 mart. REPORT.AZ/ 10 Mart tarixi Azərbaycanda Milli Teart Günü kimi qeyd olunur.

"Report" xəbər verir ki, bu tarixin əsası hələ XIX əsrin 70-ci illərində qoyulub.

Bakı realnı məktəbinin teatr həvəskarları truppası 1873-cü il martın 10-da M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasını tamaşaya qoyub.

Bu işdə H. Zərdabi və N. Vəzirov da mühüm rol oynayıblar və bununla da Azərbaycanda milli teatrın əsası qoyulub.

Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılıb. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərilib.

Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlayıb ki, onu "Şərqin operası" adlandırıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin də böyük xidməti olub.

O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olub.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu.

Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı. Məhz martın 10-u (köhnə stillə 22-si) - Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.

Son xəbərlər

Orphus sistemi