Yuxarı
    Bağlamaq

    Son bir ayda 3 mindən çox elektron imza sertifikatı istifadəyə verilib

    Onların 766-sı dövlət qurumlarının, 2 612-si hüquqi şəxslərin, 108-i isə fiziki şəxslərin payına düşür

    Bakı. 4 may. REPORT.AZ/ Azərbaycanda “Elektron imza” sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Məlumat Hesablama Mərkəzinin (MHM) Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən son bir ayda istifadəyə verilmiş elektron imza sertifikatlarının sayı 3 mindən çox olub. 

    MHM-dən "Report"a daxil olan məlumata görə, bu ilin aprel ayında 3 486 elektron imza sertifikatı verilib. Onların 766-sı dövlət qurumlarının, 2 612-si hüquqi şəxslərin, 108-i isə fiziki şəxslərin payına düşür.

    Elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən bu il mayın 1-dək olan statistikaya əsasən, dövlət qurumları üzrə 68 218, fiziki şəxslər üzrə 17 480, hüquqi şəxslər üzrə isə 20 170 olmaqla, ümumilikdə 105 868 elektron imza sertifikatı istifadəyə verilib.

    Bu ilin ilk 4 ayı ərzində isə istifadəyə verilən elektron imza sertifikatının ümumi sayı 5 652 olub. Onlardan dövlət qurumlarının payına 2 236, fiziki şəxslərin payına 270, hüquqi şəxslərin payına isə 3 146 elektron imza sertifikatı düşür.

    Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 17 368 331, hüquqi və fiziki şəxslər üzrə toplam 4 129 326 olmaqla, ümumilikdə 21 497 657 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2017-ci ilin ilk 4 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 3 644 864 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 17%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 2 571 937, hüquqi və fiziki şəxslərin payına isə toplam 1 072 927 autentifikasiya və elektron imza əməliyyatı düşüb. 

    Qeyd edək ki, elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Bir sözlə, həyatımıza sirayət etmiş elektron imza rahatlığın və təhlükəsizliyin təminatçısına çevrilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi