Rusiya şirkəti Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində cəmiyyət yaratmaq niyyətindədir

Rusiya şirkəti Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində cəmiyyət yaratmaq niyyətindədir "Infowatch" bununla ölkədə bu sahədə yaranacaq çətinliklikləri əvvəlcədən həll etməyə çalışır
İKT
25 May , 2017 16:39
Rusiya şirkəti Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində cəmiyyət yaratmaq niyyətindədir

Bakı. 25 may. REPORT.AZ/ Rusiyanın informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış "Infowatch" şirkəti təcrübəsini Azərbaycanla bölüşmək niyyətindədir.

Bunu "Report"a açıqlamasında şirkətin regional inkişaf üzrə meneceri Aleksandr Qorskiy bildirib.

"Hesab edirəm ki, Azərbaycanda vaxtında fəaliyyətə başlamışıq. Rusiyada keçid dövrü artıq başa çatıb, indi bu dönəm Azərbaycanda müşahidə edilir. Biz Azərbaycanı informasiya təhlükəsizliyi sahəsində səhv etməməyə çağırırıq və əldə etdiyimiz təcrübəni bölüşə bilərik. Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində cəmiyyət yaratmağa çalışırıq. Bu, sonradan yaranan çətinliklərindən həll edilməsinə kömək edəcək. Çünki ilbəil çətinliklərin sayı artır", - A.Qorskiy qeyd edib. 

Onun sözlərinə görə, hazırda informasiya təhlükəsizliyi hər kəsin marağında olan məsələdir: "Mərkəzimizin informasiya təhlükəsizliyi ilə bağlı hazırladığı statistikaya nəzər salsaq, ötən il Azərbaycan da daxil olmaqla, bütün dünyada maliyyə, bank-sığorta, ticarət, kommersiya, tibb, bir sözlə, iqtisadiyyatın pul olan istənilən sektoru təhlükəyə məruz qalıb". 

Regional menecer deyib ki, Azərbaycana təklif edilən və daha çox tələbat olan məhsullar "Traffic Monitor","InfoWatch Vision", "InfoWatch Attack Killer" kimi informasiya sızıntıları, "Ddos" və kiberhücumlar əlayhinə olan məhsullardır. 

Azərbaycanda informasiya texnologiyaları üzrə şirkətin son yarım ildə nikbin istiqamətdə inkişaf etdiyini deyən A.Qorskiy insanlar arasında bu mədəniyyətin xeyli irəlilədiyini söyləyib.

"Ümumilikdə ötən il bizim üçün çox məhsuldar keçib. İlbəil maliyyə göstəricilərimizin artımı sabit şəkildə davam edir. Eyni zamanda məqsədli auditoriyamız ilbəil genişlənir. Bu göstəricilər mövcud olduğumuz bütün regionlarda özünü göstərir. Son bir il Azərbaycanda maliyyə göstəricilərimiz nə mənfi, nə də müsbət olub. Lakin maraq daim müşahidə edilir. Əminəm ki, ötən il gördüyümüz iş bu il gözəl nəticələrini verəcək. İlin əvvəlindən bunu qeydə alırıq və bu, bizi çox sevindirir", - o əlavə edib.  

Son xəbərlər

Orphus sistemi