Yuxarı
    Bağlamaq

    "Red Bull Mind Gamers"in Bakıda seçim turu keçirilir - FOTO

    Report İnformasiya Agentliyi tədbirin baş media tərəfdaşı qismində çıxış edir

    Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Bakıda "Red Bull Mind Gamers" intellektual oyununun Bakı seçim turu keçirilib. 

    "Report" xəbər verir ki, "Red Bull Mind Gamers" zəka oyunları üzrə beynəlxalq çempionatın onlayn seçmə mərhələsi başa çatdıqdan sonra, 36 ən yaxşı iştirakçı öz komandası ilə birlikdə dünya finalında Azərbaycanı təmsil etmək hüququ uğrunda yarışa dəvət olunublar.

    Qeyd edək ki, azərbaycanlı iştirakçılar oyunda çox yaxşı nəticələr göstəriblər, hətta onlayn seçməni 30-cu yerdə başa vurmuş oyunçu bütün tapşırıqları cəmi 4 dəqiqə 41 saniyəyə bitirib. Ümumilikdə, seçim turunda dörd nəfərdən ibarət komandaya 20 dəqiqə ərzində "sirli kub"dan çıxış yolu tapmaq tapşırığı verilir. Belə ki, kubun daxilində dörd oyunçu üçün nəzərdə tutulmuş xüsusi pazzlın qurulduğu dörd ekran yerləşir, lakin oyunun detalları sirr olaraq saxlanılır. Yaradıcılar sürprizi pozmaq istəmirlər. Lakin məlumdur ki, oyunun dizaynı sakral (sirli) və mücərrəd həndəsədən istifadə olunmaqla yerinə yetirilib. Əsas diqqət vizual effektlərə - enerji və hissəciklərin işıqlanmasına yetirilir.

    Seçim turunun ilk günündə onlayn qeydiyyatdan keçmiş "Caucasus", "AZEmind", "Zeytun Team", "Paradox" və digər komandalar iştirak ediblər. "Caucasus" Bakı Mühəndislik Universitetinin (keçmiş Qafqaz Universiteti) tələbələrindən ibarət komandadır. Hələlik yarışçılar arasında liderlik edən Orxan Zülfüqarov, Toğrul Adıgözəlov, Nəzrin Əhmədli və Əzim Məmmədyarov zəka oyunun çox maraqlı olduğunu bildiriblər.

    "Yarışda iştirak etmək üçün onlayn qeydiyyatdan keçdim, daha sonra oyuna dəvət gəldi və qalib gəldim. Həmin vaxt müxtəlif oyunlarla zəkamı sınadım. İndi isə komanda şəklində oyunu bacardığımız qədər tez bitirməyə çalışdıq. Hesab edirik ki, oyun normal şəkildə keçdi. Hər birimiz təqribən 8-9 dəqiqəyə tapşırığı yekunlaşdıra bildik. Düzü, ilk dəfədir belə oyunda iştirak edirdik", - deyə komandanın kapitanı Toğrul Adıgözəlov bildirib.

    "Red Bull Mind Gamers"in fərqli komandalarından biri aşbazlardan ibarət "Zeytun" komandası olub. Bu komanda baş aşbazlarının təkidi ilə oyuna qatılıblar. Komandanın kapitanı İqor Busarov ilk dəfədir bu cür oyunda iştirak etdiklərini və həyəcan yaşadıqlarını deyib.

    Fəallıq göstərən digər komanda isə Azərbaycan Neft və Sənaye Universitetinin tələbələri olan Rauf Rzayev, Aydın Nəcəfov, Cahid Rəsullu və Hüseyn Hüseynovun yaratdığı "Paradox" idi. Komandanın üzvləri yarışa gəlməzdən öncə "Red Bull Mind Gamers"in "Xəmsə" milli intellektual oyunu formatında olacağını ehtimal edirdilər.

    "Biz, düzü, fərqli oyun gözləyirdik. Amma bu oyunun öz maraqlı formatı var və çox bəyəndik, qalib gələcəyimizə ümid edirik. Bu cür oyunların, yeniliklərin olmağı daha yaxşıdır", - deyə komanda üzvləri əlavə ediblər.

    "Red Bull Mind Gamers"in Bakıda keçirilən seçim mərhələsində ən yaxşı nəticə göstərəcək milli komanda Avropada ilk dəfə "Xilas otaqları"nın ("Escape Room") meydana çıxdığı Budapeşt (Macarıstan) şəhərinə yola düşəcək və turnirin dünya finalında yarışacaq. Onlar qalib gəlmək üçün qarışıq reallığa malik final "Escape Room" fiziki macəra oyunundan çıxış yolu tapmalı olacaqlar.

    "Escape Room" oyunçuların qapalı otağa salındıqları və bir sıra tapmacaları həll edərək azadlığa çıxmalı olduqları macəra oyunudur.

    Yarışın Bakıdakı seçim turu fevralın 3-dən 5-dək "Park Bulvar" ticarət mərkəzində keçirilir.

    Xatırladaq ki, "Report" İnformasiya Agentliyi tədbirin baş media tərəfdaşı qismində çıxış edir. "GoPro", "Huawei Mobile", Azərbaycan Təhsil Nazirliyi, "Technote.az" yarışmanın rəsmi tərəfdaşlarıdır.

    Foto: Elşən Baba

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi