Yuxarı

Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüş keçirib

Nazirin sədrliyi ilə rayon telekommunikasiya qovşaqları və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə də keçirilib

Bakı. 22 avqust. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqustun 22-də Gəncə şəhərində Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib və müraciətlərini dinləyib.

Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, müraciətlər əsasən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər daha sonra nazirin rəhbərliyi ilə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə ətraflı müzakirə olunub. Müşavirədə sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb. Toplantıda R.Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yaxşılaşdırılması, işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi