Yuxarı

Otuz tələbə “Azercell”də təcrübə keçəcək

“Yay Təcrübə Proqramı-2016”a qəbul və seçimlər başa çatıb

Bakı. 19 iyul. REPORT.AZ/ "Azercell Telekom”un tələbələr üçün elan etdiyi “Yay Təcrübə Proqramı-2016”a qəbul və seçimlər başa çatıb. Aparılan seçimlər nəticəsində 30 nəfər məzun və tələbə bu yay “Azercell”in təcrübə proqramında iştirak etmək imkanı qazanıb.

Şirkətdən "Report"a bildirilib ki, əsasən “ADA”, Qafqaz və Bakı Dövlət Universitetlərinin tələbələrinin yer aldığı “Yay Təcrübə Proqramı” telekommunikasiya sahəsinin lideri olan “Azercell”də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. "Yay Təcrübə Proqramı" çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər.

Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

Mayın 16-25-də keçirilən seçimlərin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarət olub. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində fərqləniblər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olub.

Sentyabrda başa çatacaq təcrübə proqramının sonunda gənclərə “Azercell” tərəfindən sertifikatlar təqdim olunacaq. İndiyədək 103 tələbə “Azercell”in “Yay Təcrübə Proqramı” çərçivəsində şirkətdə təcrübə keçmək imkanı qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi