Yuxarı
    Bağlamaq

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sosial layihəyə başlayıb

    Təlim ödənişsiz əsaslarla keçirilir© Report

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri və məhdud fiziki imkanlı məktəblilər və gənclər üçün kompüter biliklərinin inkişafına xidmət edən “Hamı üçün İKT” sosial layihəsinə start verib. Layihə Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən Bakı və regionlarda yerləşən təlim mərkəzlərində keçiriləcək.

    Nazirlikdən "Report"a verilən məlumata görə, layihə çərçivəsində 1 000-ə yaxın şəxsin informasiya texnologiyalarından istifadə biliklərinin artırılması, ən vacib kompüter proqramlarının öyrənilməsi və elektron hökumət həlləri üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə ödənişsiz əsaslarla təlimlər keçirilir. Təlimlərdə iştirak edənlər yeni biliklər əldə edəcək və şəxsi karyeralarını inkişaf etdirmək imkanı qazanacaqlar.

    Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Eyni zamanda Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi layihəyə dəstək verir. Layihənin digər dəstəkçisi “Microsoft Azərbaycan” layihə iştirakçılarına tədris məzmunu və beynəlxalq sertifikat imtahanlarında ödənişsiz iştirak hüququ təqdim edir.

    İlk təlimlərə sentyabrın 6-dan start verilib. Bu təlimlər Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki regional təlim mərkəzlərində keçirilir. Təlimlərdə yaşından, ixtisasından asılı olmayaraq, hər bir kəs iştirak edə bilər.

    Təlimlər 6 günlük kurslar şəklində təşkil olunur. Məşğələlər beynəlxalq sertifikatlı təlimçilər tərəfindən keçirilir. Təlimlərin yekunları üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim ediləcək.

    Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində əhalinin biliklərinin artırılması məqsədilə yaradılmış və innovativ texnologiyalardan istifadə etməklə 16 rayonda əhaliyə xidmət göstərir. Təlimlərə yazılmaq üçün yaxınlığınızda yerləşən “Şəbəkə” xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Layihədə iştirak etmək və əlavə məlumat almaq üçün aşağıdakı vasitələrlə Mərkəz ilə əlaqə saxlamaq mümkündür: www.e-training.az, info@e-training.az, (012) 505-01-13, (077) 505-01-13.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi