Yuxarı

Nazirlik “WhatsApp”la bağlı problemə dair bəyanat yayıb

RYTN: Azərbaycandan başqa bəzi xarici ölkələrdə də əlavənin istifadəsində problemlər yaranıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur. “Report” xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bəyan edib.

Nazirliyin bəyanatına əsasən, RYTN mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil.

Bildirilib ki, tənzimləyici orqan olaraq Nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır: "Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ Nazirliyin prioriteti ola bilməz".

"Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər vasitəsi ilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını, hətta artıq səsli və görüntülü data məlumatlarının ötürülməsinin mümkünlüyünü qeyd edirlər. Hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu cür servislər sayəsində istifadəçilər mobil internet trafikindən daha çox istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz", - deyə məlumatda bildirilir.

RYTN qeyd edib ki, araşdırma nəticəsində məlum olub ki, hazırda “WhatsApp” messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir: "Bununla yanaşı www.kazhdysboy.ru saytında dərc olunan xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr göstərilib. Xəritədə sarı rənglə nasazlıqlar müşahidə olunan ölkələr arasında Azərbaycanın da adı var. Ölkədəki problemin mövcudluğu ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq sarı rənglə əks edilib. Problemlər digər ölkələrdə artıq iyunun 18-dən etibarən müşahidə olunur".

Qeyd edək ki, artıq bir neçə gündür “Azercell Telecom” və “Azerfon” ("Nar") abunəçiləri “WhatsApp” əlavəsinin zəng xidmətindən istifadə edə bilmirlər, “Bakcell” istifadəçiləri arasında belə bir problem yaşanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi