Yuxarı

Nazir: ​"TeliaSonera"nın Azərbaycandan çıxması "Azercell"in abunəçilərinə təsir etməyəcək"

TeliaSoneranın Azercellin əsas səhmdarı olan Finturda səhmlərini satmasının Azərbaycandakı abunəçilərə neqativ təsiri olmayacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ İsveçin "TeliaSonera" şirkətinin "Fintur"dakı 58,55%-lik səhm zərfini satmaq planları Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom"un fəaliyyətinə təsir etməyəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın informasiya və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin fikrincə, "Azercell"in hazırda əldə etdiyi gəlirlər şirkətin cari fəaliyyəti və investisiya yatırımlarını əvvəlki kimi davam etdirməsinə imkan verir. Bu səbəbdən "TeliaSonera"nın "Azercell"in əsas səhmdarı olan "Fintur"da səhm zərfini satması Azərbaycan şirkətinin abunəçilərinə heç bir neqativ təsiri olmayacaq.

Xatırladaq ki, Türkiyənin aparıcı mobil rabitə operatoru olan "Turkcell" şirkəti "Fintur"un ikinci səhmdarı (41,45%) olaraq "TeliaSonera"nın payının alınmasında maraqlı olduğunu bildirib.

Türkiyəli analitiklərin fikrincə, Qazaxıstan ("Kcell"), Azərbaycan ("Azercell"), Moldova ("Moldcell") və Gürcüstanda ("Geocell") fəaliyyət göstərən "Fintur"un səhmlərinin tam alınması "Turkcell"in gələcək üçün çox qazanclı bir addımı olacaq.

Qeyd edək ki, "Fintur" sadalanan 4 ölkənin ikisində bazar birincisi, ikisində isə bazar ikincisidir. Belə ki, “Kcell” 10,8 mln. abunə ilə 231 mln. dollarla bazar birincisi, “Azercell” 4,2 mln. abunə ilə 101 mln. dollarla bazar birincisi, “Moldcell” 900 min abunə ilə 18 mln. dollarla bazar ikincisi, “Geocell” 2 mln. abunə ilə 23 mln. dollarla bazar ikincisidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi