Bakı. 1 noyabr. REPORT.AZ/ “Hazırda Azərbaycanda kənd təsərrüfatı ilə bağlı qızğın məhsuldarlıq dövrüdür. Pambıqçılıq və tütünçülük sahələrində yüksək məhsuldarlıq əldə edilir. Dövlət hər bir fermerə dəstək göstərir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
O, ilin sonuna kimi ölkədə aqrar sektorun məhsuldarlıq göstəricilərinin daha da artacağını vurğulayıb: “Bu ilin 9 ayında kənd təsərrüfatı sahəsində böyümə 4,3%, o cümlədən bitkiçilikdə 5,8%, heyvandarlıqda 2,7% olub. Bu rəqəmlər ilin sonuna qədər daha da artacaq. Bildiyiniz kimi, son illər aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Qeyri-neft sektoruna göstərilən diqqət nəticəsində bu gün aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə bu günə qədər əldə edilmiş uğurların davamlı olması üçün çalışacağıq”.