Yuxarı

​Mobil operatorlar telekommunikasiya sektoruna 60% gəlir gətirib

Sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayında “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və dövlət proqramlarında rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması və inkişafı üzrə nəzərdə tutulmuş tədbirlərin icrası üzrə tədbirlər davam etdirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, həmçinin RYTN tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən “2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə” Tədbirlər Planının icrası istiqamətində tədbirlər görülməkdədir.

Hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz nəticəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 9,6% artaraq 1280,9 mln. manat olub (artım tempi İKT sektorunda 9,1%, İT sektorunda 20,7%, poçt sektorunda 12,8%, informasiya sektorunda isə 22,2% olub, ) sektorun ÜDM-də payı 2,1%, qeyri-neft sektorunda isə 3,0% təşkil edib. Sektorda əldə olunan gəlirlərin 81,1%-i özəl sektorun payına düşüb.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 60,1%-i mobil operatorların payına düşüb.

Hesabat dövründə sektora 209,8 mln. manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 61,2 mln. manat investisiya yatırılıb. Sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan investisiyanın 1,8%-ni təşkil edir və ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2,2 dəfə çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi