Yuxarı

​Məlumat Hesablama Mərkəzi dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

MHM bir sıra öhdəliklər həyata keçirəcək

Bakı. 29 iyul. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) dövlət reyestrlərinin yaradılmasının əsas məqsədlərini açıqlayıb.

MHM-dən "Report"a verilən məlumata görə, dövlət reyestrlərinin yaradılmasında əsas məqsədlərə dövlət informasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması, dövlət informasiya ehtiyatlarının, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi, milli informasiya fəzasının formalaşdırılması işlərinin, o cümlədən mövcud və yeni yaradılan informasiya ehtiyatları arasında mübadilə və uzlaşdırma mexanizmlərinin tam, aktual və dəqiq məlumatlarla operativ təmin olunması, reyestrlə informasiya ehtiyatlarının lokal reyestrləri arasında informasiya mübadiləsi, sorğu-arayışların marşrutlandırılması işlərinin təşkilinə dəstək verilməsi, informasiyalaşdırma sahəsində təsnifatların və proqram-texniki həllərin unifikasiya edilməsi, informasiya ehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması məqsədi ilə şəffaflığın təmin olunması daxildir.

Bundan başqa, əsas hədəflərə dövlət informasiya ehtiyatlarının yaradılmasının və istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi, informasiya cəmiyyətinə keçid üzrə dövlət proqramlarının və elektron xidmətlərin göstərilməsi üzrə layihələrin həyata keçirilməsinə dəstək verilməsi, fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş əqli mülkiyyət hüquqlarının qorunmasına yardım edilməsi, informasiya ehtiyatlarını yaradan və ondan istifadə edən subyektlər arasında təcrübə mübadiləsi üçün şəraitin yaradılması, qabaqcıl texnologiyaların tətbiqinin stimullaşdırılması, dövlət orqanlarının, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərin informasiya ehtiyatları haqqında məlumatlarla təmin olunması, statistik indikatorların müəyyən edilməsi və müvafiq hesabat işlərinin təşkili, vətəndaşların informasiya əldə edilməsi və fərdi məlumatların mühafizəsi sahəsində hüquqlarının təmin olunması da daxil edilib.

Qeyd edək ki, "Elektron hökumət” portalı haqqında Əsasnamə”yə əsasən, dövlət informasiya ehtiyatlarının reyestri "Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilib. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri "Elektron hökumət” portalının operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi